Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bir sıra dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2 vəzifə üzrə 2 yer müsahibəyə çıxarılıb.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 23 sentyabr 2024-cü il tarixindən 22 oktyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.
Müsabiqənin müsahibə elanları ilə https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar keçid linki vasitəsilə tanış ola bilərsiniz.