Komitə haqqında məlumat

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tarixi.

 

        Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə imzaladığı 28 fevral 2006-cı il tarixli Sərəncamına və qanunvericiliyə uyğun olaraq  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 23 mart 2006-cı il tarixli 16-III FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsi ləğv edilərək onun  bazasında yaradılmışdır. Ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsinin tikinti sahəsindəki funksiyaları Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmişdir.

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 noyabr tarixli 93-III FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə, komitənin strukturu təsdiq edilmiş və aparatın  işçilərinin say həddi müəyyən edilmişdir.  Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında əsasnaməyə əsasən Komitə Naxçıvan Muxtar Respublikası ərazisində şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

          Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin  23 avqust 2023-cü il tarixli 196-VI FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni əsasnaməsi təsdiq edilmiş, Komitənin strukturunda dəyişiklik edilmiş, Komitənin tabeliyində olan Layihə-Smeta Qrupunun əsasında publik hüquqi şəxs statuslu Layihə Planlaşdırma Mərkəzi yaradılmış və Mərkəzin nizamnaməsi təsdiq edilmişdir. Şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən Layihə Planlaşdırma Mərkəzi Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumlarına daxildir.

         Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edərək ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir. Komitə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir. Həmçinin muxtar respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işinə daxildir.