Kibercinayətkarlıqla Mübarizəyə Həsr Olunmuş Təlim Keçirilib
29 iyul 2025-ci il tarixində saat 15:00-da Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inzibati binasında kibercinayətkarlıqla mübarizə, informasiya təhlükəsizliyi və hüquqi məsələlərə dair maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Dövlət Universiteti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.
Tədbirin əsas məqsədi Komitənin və Layihə Planlaşdırma Mərkəzinin əməkdaşlarını kibercinayətkarlıqla mübarizə metodları, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi qaydaları və bu sahədə hüquqi tənzimləmələr barədə məlumatlandırmaq olmuşdur.
Təlim çərçivəsində müasir texnologiyaların yaratdığı risklər, şəxsi və institusional məlumatların qorunması, habelə kibertəhdidlərə qarşı preventiv yanaşmalar mövzusunda mütəxəssis çıxışları dinlənilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Komitə rəhbərliyi qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi əməkdaşların hüquqi və texnoloji savadlılığının artırılması, eləcə də dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.