Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvanda davam edib
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində öz işini davam etdirib.
Salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva son illər türk dövlətləri arasında birgə layihələrin genişləndiyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, forumun məhz 2009-cu il “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə keçirilməsi rəmzi məna daşıyır və Naxçıvanın türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndiyini göstərir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev çıxışında forumun türk dünyası üçün vahid platforma yaratdığını qeyd edərək gələcək çoxtərəfli qrant proqramlarının genişlənəcəyini vurğulayıb.
Forum çərçivəsində keçirilən “WUF13-ə doğru – Türk dünyasında ilk” panelində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov çıxış edərək Azərbaycanın yeni şəhərsalma siyasətinin, regional inkişaf proseslərinin və WUF13-ün türk dünyası üçün strateji əhəmiyyətindən bəhs edib.
🔹 Komitə sədri bildirib ki, Azərbaycanda şəhərsalma prosesi ölkə rəhbərliyinin birbaşa diqqətindədir və 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) türk dövlətlərinin urbanizasiya sahəsində ilk dəfə vahid mövqedən çıxış etməsi üçün mühüm platforma olacaq.
🔹 İlqar Sadıqov qeyd edib ki, son illərdə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” yanaşmaları əsasında 8 şəhərin, 91 qəsəbə və kəndin planlaşdırma sənədləri təsdiq edilib və bu proses Azərbaycanı qlobal şəhərsalma nümunəsinə çevirir.
🔹 Komitə sədri həmçinin yeni təsis edilən QHT Platformasının WUF13-ə gedən yolda türk dövlətlərinin sosial inkişaf və şəhərsalma sahəsində birgə təşəbbüslər irəli sürməsi üçün vacib imkan yaratdığını bildirib.