...

“Ulu öndərin şəhərsalma və memarlıq irsi" sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb

“Ulu öndərin şəhərsalma və memarlıq irsi" sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb.

Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini önünə gül dəstələri qoyub, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyinə baxış olub.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirilib, ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov bildirib ki, ulu öndər Heydər Əliyev memar və arxitektorların əməyinə həmişə qayğı ilə yanaşıb, mənzil tikintisi və şəhərsalma məsələlərində onların fəaliyyətini layiqincə dəyərləndirib. Ulu öndərin doğma vətənimizin memarları qarşısına qoyduğu ən əsas tələblərdən biri Azərbaycan memarlığını müasir tələblərə cavab verməklə yanaşı, öz milli xüsusiyyətlərini qoruyaraq əks etdirməkləri olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovun və digərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, gəncliyindən memarlığa marağı olan ulu öndər Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub. Dahi şəxsiyyət sonradan müstəqil Azərbaycanın memarı olub.

Dahi rəhbərin ölkəmizə rəhbərliyinin hər iki dövründə nəhəng işlər görülüb, bütün şəhərlərin baş planları yaradılıb, şəhər və kəndlərimizin siması yenilənib, irihəcmli tikinti işləri həyata keçirilib.

Tədbir iştirakçıları "Ulu öndərin şəhərsalma və memarlıq irsi" adlı videoçarxı izləyiblər.

Tədbirdə memarların layihələrindən ibarət sərgiyə baxış olub, müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. 

 Sərgidə 40-a yaxın layihə və maket sərgilənib.